Coğrafiya İnstitutunun əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında ekoloji tədqiqatlar aparıblar Okt 05, 2026 | 10:10 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları haqqında” Fərmanını, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda havanın çirklənməsinin ən ciddi ekoloji problemlərdən biri olması ilə bağlı xəbərdarlığını əsas tutaraq, AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən elmi-tədqiqat işləri aparılıb.

İnstitutun “Coğrafi ekologiya” laboratoriyasının müdiri, a.ü.f.d., dosent Ə. Əliyev, laboratoriyanın əməkdaşları a.ü.f.d. S. Novruzova, kiçik elmi işçi R. Hüseynov və laborant T. Fətullayeva 28 sentyabr–2 oktyabr tarixlərində “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə)” hesabat mövzusu çərçivəsində ekspedisiyada olublar.

Tədqiqatın əsas məqsədi regionun ekocoğrafi şəraitinin öyrənilməsi, vibrasiya və səs-küy çirklənməsinin, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olub.

Ekspedisiya zamanı ərazidə müvafiq müşahidələr aparılıb, geoinformasiya texnologiyaları əsasında hazırlanmış xəritələr çöl şəraitində dəqiqləşdirilib. Çirklənmənin qiymətləndirilməsi məqsədilə müvafiq metodikaya uyğun olaraq torpaq və bitki nümunələri götürülüb.

Hazırda götürülmüş nümunələr müxtəlif parametrlər üzrə analizə hazırlanır. Tədqiqat işləri kameral şəraitdə davam etdirilir.