AR ETN Coğrafiya İnstitutunun əməkdaşları “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı III Beynəlxalq Konfransda iştirak ediblər Noy 06, 2026 | 11:11 / KONFRANSLAR

2026-cı il noyabrın 5–6-da Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq Konfrans keçirilib. Beynəlxalq elmi tədbirin əsas tərəfdaşlarından biri olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu konfransda əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Qərbi Kaspi Universitetinin təşkilatçılığı, BMT-nin Dağ Tərəfdaşlığı (UN Mountain Partnership), Dağlıq Regionların Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsi (Sustainable Caucasus), Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA), Coğrafiya İnstitutu və digər tərəfdaş qurumların əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq elmi tədbir müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və sahə üzrə mütəxəssisləri bir araya gətirib.

Konfransın əsas məqsədi dağlıq ərazilərin qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial-iqtisadi, mədəni və landşaft sistemləri kimi kompleks şəkildə öyrənilməsini təşviq etmək, elmi bilik və tədqiqat nəticələrinin mübadiləsini genişləndirmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirməkdir.

Tədbir çərçivəsində iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsiri, biomüxtəlifliyin qorunması, landşaftların ekoloji dayanıqlılığı, təbii və mədəni irsin mühafizəsi, dağ icmalarının davamlı inkişafı və dağlıq ərazilərdə turizmin perspektivləri ilə bağlı aktual elmi məsələlər müzakirə olunub.

Konfransda iştirak edən Coğrafiya İnstitutunun əməkdaşları elmi sessiyalarda və müzakirələrdə iştirak edərək dağlıq ərazilərin coğrafi tədqiqi, təbii landşaftların qorunması, iqlim dəyişmələrinin ekosistemlərə təsiri və dağ regionlarının davamlı inkişafı istiqamətlərində fikir mübadiləsi aparıblar. Xarici ölkələrdən olan alim və mütəxəssislərlə görüşlər zamanı elmi əlaqələrin genişləndirilməsi, birgə tədqiqatların aparılması və gələcək əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.

Beynəlxalq konfrans dağlıq regionların qarşılaşdığı müasir ekoloji və sosial-iqtisadi problemlərin elmi əsaslarla araşdırılması, qabaqcıl tədqiqat nəticələrinin paylaşılması və müxtəlif ölkələrin elmi müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Ümumilikdə, konfransda iştirak etmək üçün 300-dən çox yerli və xarici alim iştirak edib.