AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov
AMEA Naxçıvan bölməsində iki müəssisənin birgə hazırladığı “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci – “Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” cildinin hazırlanması vəziyyətini birgə müzakirə etmək üçün iyunun 19-20-də Naxçıvan şəhərində ezamiyyətdə olmuşlar.
Bu məqsədlə iyunun 20-də AMEA-nın Naxçıvan bölməsində dairəvi masa keçirilmişdir. Yığıncaqda Coğrafiya İnstitutu tərəfindən akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və c.ü.f.d. Məhərrəm Həsənov, Naxçıvan tərəfdən isə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun direktoru, akademik Tarıyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, NDU-nun coğrafiya kafedrasının müdiri, c.ü.f.d. Nazim Bababəyli və digər əməkdaşlar iştirak etmişlər.
Müzakirədə çıxış edən akademik İ.Hacıyev tərtib olunan ikicildlik Naxçıvan coğrafiyasının Muxtar Respublika üçün böyük əhəmiyyət daşıdığını qeyd etmiş, onun hazırlanmasında Naxçıvan elmi ictimaiyyətilə bərabər, Ali hakimiyyət orqanlarının da maraqlı olduqlarını və bu işə hər cür dəstək olmağa hazır olduqlarını diqqətə çatdırmışdır. İ.Hacıyev uzun illər ərzində Naxçıvanda belə bir monoqrafiyanın yaranması üçün elmi bünövrə yaradıldığını və ona görə də məhz Coğrafiya İnstitutunun təşəbbüsü ilə belə bir əsərin hazırlanmasının çox təqdirəlayiq hal olduğunu xüsusi qeyd etmişdir.
Akademik R.Məmmədov monoqrafiyanın hazırlanması üçün elmi-təşkilatı işlərin vəziyyəti, istifadə olunan materialların yeniləşdirilməsi, Naxçıvan alimləri ilə birgə əməkdaşlıq və s. haqqında məlumat vermiş və göstərmişdir ki, bu işləri yüksək səviyyədə başa çatdırmaq üçün birgə səyləri daha da artırmaq lazımdır. O öz çıxışında qeyd etdi ki, elmi-tədqiqat işlərinin daha səmərəli və yüksək səviyyədə olması üçün AMEA Coğrafiya İnstitutunun müvafiq əməkdaşlarının MR-ya ezam olunması, buradan mütəxəssislər və əlaqədar təşkilatla birgə işləməsi daha effektiv olardı. Bu fikir də hər iki tərəfdən dəstəkləndi və tezliklə bir qrup işçinin Naxçıvan MR-ə ezam olunması qərara alındı.
Monoqrafiyanın hazırkı vəziyyəti, bölmələr üzrə aparılan işlər haqqında danışan AMEA-nın müxbir üzvü E.Əlizadə Naxçıvanın oroqrafiyası, geologiyası, relyefi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, ekoloji problemləri və fiziki rayonlaşdırılması bölmələrinin hər birini ayrı-ayrılıqda təhlil edərək işin gedişi haqqında məlumat verdi. O bildirdi ki, monoqrafiya ilkin vəziyyətdə əsasən başa çatsa da, görüləsi işlər hələ çoxdur, müəlliflər ilkin variant üzərində işləməli və iş üzərində ümumi nəzarət həyata keçirilməlidir.
Dosent M.Həsənov Naxçıvanın iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd etmiş və göstərmişdir ki, hal-hazırda təqdim olunan bütün materiallar ən yeni məlumatlara əsaslanaraq Naxçıvan iqliminin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. O qeyd etdi ki, burada klassik iqlim şəraiti ilə yanaşı Naxçıvan MR-in alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapmışdır.
Dəyirmi masada akademik T.Talıbov və AMEA-nın müxbir üzvü S.Məhərrəmov da çıxış edərək öz bölmələrinin hazırkı vəziyyəti haqqında məlumat vermiş və bu mühüm tədbirin çox böyük məsuliyyətlə yerinə yetilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyev yekun çıxışlarında gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər haqqında danışmış və onların yerinə yetirilməsi üçün konkret yol xəritəsinin hazırlanmasının vacibliyini qeyd etmişlər.