Noyabrın 25-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu mötəbər tədbirdə Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniya və Herseqovinadan gəlmiş mütəxəssislər də iştirak edirlər. Onlar qlobal və regional hidrosiyasi problemləri, münaqişə bölgələrində yaranmış hidroloji şəraiti, transsərhəd su ehtiyatlarından qarşılıqlı faydalı, bərabərhüquqlu istifadə və həmin mənbələrin mühafizəsi sahəsində yaranmış vəziyyəti geniş müzakirə etmək üçün bir araya yığışmışdılar.
Açılış mərasimində çıxış edən AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA Coğrafiya İnstitutunun direktoru, konfransın həmsədri, akademik Ramiz Məmmədov tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, su mənbələrinin inhisara alınması və onlardan istifadə sahəsində yol verilən israfçılıq, iqlim dəyişmələri, demoqrafik artım, geosiyasi və geoiqtisadi maraqlar, su ehtiyatlarının sürətlə siyasiləşdirilməsi onların geosiyasi təzyiq vasitəsinə çevrilməsi ilə nəticələnib. Planetdə əhali sayının artması ilə su ehtiyatları azalmaqdadır: Bu baxımdan konfransın belə qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi məqsədlər və konflikt üçün istifadə edilməsi məsələlərinin müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Konfransda qəbul edilmiş qərar və tövsiyələr Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edəcək.
Akademik Ramiz Məmmədovun moderatorluğu ilə “Qlobal su çatışmazlığı probleminin ekoloji, siyasi, iqtisadi və sosial aspektləri” mövzusunda keçən plenar iclasda məruzəçilər ümumbəşəri nemət olan su ehtiyatlarının çirkləndirilməsi, inhisara alınması, hidrosiyasi və hidrodiversiya vasitəsi kimi istifadəsinin yolverilməz olduğunu dərin narahatlıqla ifadə etdilər. Onlar Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və onların qorunmasına yönəldilmiş səylərin zəruriliyini vurğulayıb, onları beynəlxalq sülh və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm amil olaraq dəyərləndiriblər.
Akademik R.Məmmədov “Azərbaycanın su ehtiyatları və onların idarə olunması regional kontekstdə” adlı məruzəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş ərazisində böyük şirin su ehtiyatlarının mövcudluğunu, bəzən Azərbaycanı su axınlarının istiqamətini dəyişməklə hədələdiklərini, ancaq Ermənistanın su ehtiyatlarının böyük olmadığından bu hədələrin yersizliyindən danışdı. O, eyni zamanda, qeyd etdi ki, Azərbaycanın su ehtiyatları məhduddur: “Qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Amma bu, qorxu, vahimə yaratmamalıdır. Azərbaycanın su ehtiyatları kifayətdir. Ancaq onun istifadə olunmasında düzgün siyasətin aparılmasına ehtiyac var". Alimin fikrincə, Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalı, onun üzərində alimlər tərəfindən ciddi iş aparılmalıdır. Akademik onu da bildirdi ki, Qafqaz regionunda ən bol sulu ölkə Gürcüstandır: "Gürcüstanın su ehtiyatları zəngindir. Bu ölkədə 26 minə qədər çay, 860 göl və su anbarları var. Elektrik enerjisinin istehsalı üçün 43 anbar tikilib”.
AMEA Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, siyasi elmlər doktoru Ramiz Sevdımalıyev Sərsəng su anbarı haqqında məruzəsində bildirib ki, Ermənistan su anbarlarından daim Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edir: “ Fövqəladə Hallar Nazirliyi Sərsəng su anbarında qəza olacağı halda nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı 0,5 metr hündürlükldə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yol üzərində bütün canlı aləmi məhv edəcək”. “….Sərsəng su anbarı probleminin həlli Dağlıq Qarabağın işğalı probleminin həlli kontekstində həll oluna bilər”.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da işğal altında qalan 20 faiz Azərbaycan torpaqlarında böyük şirin su ehtiyatlarının mövcudluğunu və hazırda bunun Azərbaycan üçün böyük təhdidd olduğunu vurğuladı və qeyd etdi ki, münaqişənin həllindən sonra bu, ölkəmiz üçün böyük imkanlar yaradacaq.
"Kür çayı hövzəsində su ehtiyatlarının birgə idarə edilməsi ilə transsərhəd əməkdaşlığın qurulması" mövzusunda çıxış edən BMT-nin İnkişaf Proqramının Kür çayı üzrə layihəsinin 2011-2014-cü illər üçün ABŞ-dan olan beynəlxalq əlaqələndiricisi xanım Meri Metyu bildirib ki, Azərbaycan hidrosiyasi problemlərin həlli məqsədilə transsərhəd əməkdaşlıq sahəsində lider dövlətə çevrilib. Azərbaycan hidrosiyasi problemlərin həlli sahəsində əməkdaşlıqda bütün dünya üçün qlobal model ola bilər. Onun sözlərinə görə Azərbaycan regionda rolu getdikcə artan vacib dövlətdir. Ona görə də bu ölkə üçün su resurslarının paylanması və idarə edilməsi sahəsində transsərhəd əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyəti var: “Azərbaycan regionda yeganə dövlətdir ki, əhalisi yüksək templə artır. Gürcüstan və Ermənstanda isə əhali ya aşağı sürətlə artır və ya azalır. Lakin su məsələsində Azərbaycan yuxarı axın ölkələrinin təsirinə məruz qalır". BMT-nin İnkişaf Proqramının nümayəndəsi qeyd edib ki, Kür hövzəsi ölkələrinin su ehtiyatlarının birgə idarə edilməsi üçün Fəaliyyət Planı hazırlanıb. Plan Azərbaycan hökuməti tərəfindən təsdiqlənib, artıq onun icrasına başlanmaq üzrədir. Layihə əlaqələndiricinin sözlərinə görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihəsinin növbəti hissəsi 2015-2018-ci illəri əhatə edəcək. Bu yaxınlarda Dünya Bankı ilə 4 illik layihə çərçivəsində Azərbaycan və Gürcüstan üçün 6 milyonluq qrant da təsdiq olunub.
Sonra konfrans işini “Hidromünaqişələr və beynəlxalq hüquq”, “Transsərhəd su axarları ilə əlaqəli problemlər regional sülh və təhlükəsizliyə təhdiddir” mövzusunda panel iclaslarla davam etdirib.
Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinin sədri, professor Fərda İmanov “Cənubi Qafqaz regionunda transsərhəd su ehtiyatlarının istifadə olunmasında və mühafizəsində birgə əməkdaşlığın zərurəti” mövzusunda məruzəsində Azərbaycanın su ehtiyatları haqqında məlumat verdi, transsərhəd su ehtiyatlarımızın daha çox olduğunu göstərdi, su siyasətimizin əsasını sovet su siyasətinin təşkil etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan hər sahədə talerant ölkə kimi tanınıb və su siyasətimiz də aqressiv deyil, biz su ehtiyatlarının qonşu ölkələr arasında ədalətli bölüşdürülməsinin tərəfdarıyıq. Məruzəçi su ehtiyatlarına təsərrüfat fəaliyyətinin təsirini qiymətləndirərək qeyd etdi ki, Kür çayının real su ehtiyatları təqribən 50%, Arazın 30% azalıb, Yekun olaraq bildirdi ki, qonşu ölkələrlə əməkdaşlıq və informasiya zərurəti var. Ölkəmizin fəaliyyət planını, strategiyalar hazırlayanda onların normal, effektiv həyata keçirilməsi üçün qonşu ölkələrdəki vəziyyəti, qısa və uzunmüddətli planlarını nəzərə almalıyıq.
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanan Bakı Bəyannaməsi qəbul olundu.