Elm və təhsilin istehsalata tətbiqi istiqamətində Cİ-nin və BDU coğrafiya fakültəsi magistrlərinin təbii və antropogen rekreasiya ehtiyatları, turizm obyektləri və istehsalat müəssisələri ilə yaxından tanışlığı məqsədilə noyabrın 2-dən 6-dək AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti və AMEA Şəki Regional Elm Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə Şəki şəhərinə səfər baş tutub.
Səfər zamanı Coğrafiya İnstitutunun əməkdaşları - c.ü.f.d., dos. Zaur İmrani, c.ü.f.d. Mətanət Musayeva, BDU-nun müəlliimi Polad Orucov və ŞREM-in əməkdaşı Yusif Rəhimov regionun təbiət və tarixi mədəniyyət abidələri, bir sıra turizm və istehsalat obyektləri ilə magistrləri yaxından tanış etmiş, məlumat vermişlər.
Səfər iştirakçıları yeni inşa edilən “Marxal” istirahət kompleksi, I-IV əsrlərə aid Kiş alban məbədi, Tarix Diyarşünaslıq muzeyi, Şəki Xan sarayı və Karvansarada olmuş, regionunun tarixi və adət-ənənələri haqqında məlumat almışlar. Magistrlər təbiət qoynunda antropogen şam meşəsini əyani şəkildə izləmiş, Kiş çayının selli ərazilərini müşahidə etmişlər. Səfərdə olanlar “Şəki-İpək” ASC-nin barama və digər sexlərində istehsalat prosesini izləmiş, köhnə və yeni texnologiyaların iş prinsiplərini əyani şəkildə görmüş və kombinatın istehsal etdiyi məhsulların satışı mağazasında satıcılara onları maraqlandıran suallar vermişlər.
Elm və təhsilin istehsalata tətbiqi ilə bağlı magistrlərin Şəki şəhərinə səfəri onların dünyagörüşünün artmasında və gələcək fəaliyyətində yardımçı rolunu oynayacaqdır.