Noyabrın 13-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Misir Ərəb Respublikasından ölkəmizə qonaq gəlmiş Neft Tədqiqatları İnstitutunun (MNTİ) nümayəndələri ilə görüş keçirilib. Məqsəd bu iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması olub.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qonaqları salamladıqdan sonra İnstitutun fəaliyyəti, əsas tədqiqat sahələri, beynəlxalq əlaqələri və s. haqqında misirli qonaqlara qısa məlumat verib, onları xüsusi maraqlandıran okeanologiya sahəsində görülən işlərdən danışıb. MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah öz növbəsində, səmimi qəbula görə məmnunluğunu bildirib və rəhbəri olduğu institut barəsində məlumat verib. Misirli alim diqqətə çatdırıb ki, Coğrafiya İnstitutu ilə elmi əməkdaşlıq hər iki institut üçün xeyirli olacaq.
Sonra tərəflər arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Yekunda hər iki elmi müəssissə arasında okeanologiya sahəsində layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən doktorantların birgə hazırlanması, akademik və tələbə mübadiləsi haqqında anlaşma memorandumunun hazırlanması qərara alınıb.