GAMŞ-ın təşkilatçılığı ilə 173 saylı orta məktəbdə tədbir keçirilib Noy 24, 2017 | 03:11 / TƏDBİRLƏR

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı şəhəri orta məktəb şagird və müəllimləri üçün “Azərbaycanı tanıyaq” devizi altında keçirilən tədbirlər davam edir. Növbəti seminar-məşğələ  noyabrın 24-də Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəb şagirdləri üçün  keçirildi.

Seminar-məşğələni keçirməkdə əsas məqsəd Azərbaycan təbiəti haqqında məktəb şagirdlərinə daha dərin məlumat vermək, həmçinin onları müasir coğrafi informasiya sistemləri ilə əlaqədar ilkin məlumatlarla tanış etmək, gələcək peşə seçimində onlara dəstək olmaqdan ibarətdir.

Tədbir Respublika himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Sitarə Abbasova, məktəbin coğrafiya müəllimi Gülsarə İmanova və digər müəllimələr İnstitut əməkdaşlarını yüksək səviyyədə qarşıladılar,  tədbiri təşkil etdikləri üçün Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürlərini bildirdilər. Belə tədbirlərin mütəmadi keçirilməsinin şagirdlərin dünya görüşünün artmasına, elmə olan marağının çoxalmasına səbəb olduğunu xüsusiyə vurğulandı. Daha sonra məktəbin tərkibində fəaliyyət göstərən “Kiçik Akademiya"nın  üzvləri  alternativ enerji mənbələri barədə məruzə ilə çıxış etdilər.

Şuranın sədri, c.ü.f.d. Samirə Ələkbərova seminar-məşğələnin əhəmiyyətindən danışdı. Orta məktəb şagirdləri üçün silsilə şəklində kiçirilən seminar-məşğələlərin Azərbaycanın müxtəlif regionlarının unikal təbiət möcüzələri, tarixi-mədəni abidələri haqqında müxtəlif video görüntülərin və İnstitutumuzun çoxsaylı alimləri tərəfindən müxtəlif dövrlərdə çəkilmiş şəkillərin nümayiş etdirilməsi, coğrafi informasiya sistemlərini tətbiq etməklə müasir texnologiyalarla aparılan tədqiqatların nəticələri haqqında ətraflı məlumatların şərh olunması kimi əhəmiyyətli mövzuları əhatə etdiyini qeyd etdi.

İnstitutun “Geomorfologiya və təbii risklər” şöbəsinin elmi işçisi, Abuşova Samirə “Azərbaycanın təbiət abidələri” adlı məruzə ilə çıxış etdi. Respublikamızın tarixi-mədəni abidələri, müalicəvi əhəmiyyətli bulaqları barədə geniş məlumat verdi və şagirdlərı maraqlandıran suallara cavablar verdi.

 “Geoinformatika və kartoqrafiya” şöbəsinin mühəndisi Əmrahov Elvin “Coğrafi informasiya sistemləri haqqında məlumat və onların tətbiqi” mövzusunda məruzə ilə çıxış etdi. Müasir texnologiyarı tətbiq etməklə xəritələrin tərtib olunması, 3D model xəritələrin hazırlanması yollarını izah etdi.

 “Geoinformatika və kartoqrafiya” şöbəsinin mühəndisi Elvin Soltanov “Coğrafiya və onun əhəmiyyəti” adlı məruzəsində coğrafiya elminin əhəmiyyətindən danışdı, respublikada təsərrüfat sahələrinin inkişaf istiqamətləri, əhali məskunlaşması haqqında ətraflı məlumat verdi, mövcud ekoloji problemlər və onların aradan qaldırılması yollarını izah etdi.

Həmçinin “Geoinformatika və kartoqrafiya” şöbəsinin mühəndisi Abtalıbov Anar və “Geomorfologiya və təbii risklər” şöbəsinin kiçik elmi işçisi Zöhrabova Həmidəxanım seminar-məşğələdə iştirak ediblər.

Sonda İnstitutun elmi katibi, Şuranın idarə heyətinin üzvü, c.ü.f.d. Zərnurə Həmidova  İnstitut rəhbərliyi adından məktəbə akademik R.M.Məmmədovun “Xəzər dənizinin hidrometeoroloji atlası” və “Xəzər dənizinin hidrometeorologiyası” adlı monoqrafiyasını və digər çoxsaylı monoqrafiyaları hədiyyə etdi.

Tədbirin  sonunda mövzu ətrafında müzakirələr çay süfrəsi ətrafında davam etdirildi.