Elmi şuranın növbəti iclası akademik B.Budaqova həsr olundu Fev 21, 2018 | 04:02 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi şurasının fevralın 21-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclası görkəmli alim, akademik Budaq Budaqovun 90 illik yubileyinə həsr olunub.

R.Məmmədov Budaq Budaqovun beynəlxalq aləmdə tanınmış görkəmli alim olduğunu bildirərək, onu Azərbaycan coğrafiya elminin canlı ensiklopediyası adlandırıb, elmə gətirdiyi bir sıra yenilik və uğurların bilavasitə onun adı ilə bağlı olduğunu qeyd edib. Budaq Budaqovun Azərbaycan coğrafiya elminin inkişafına böyük töhfələr verməsindən danışan akademik onun özündən sonra böyük elmi məktəblər qoyub getdiyini xüsusi vurğulayıb. Ulu öndər Heydər Əliyevin alimin yaradıcılığını yüksək qiymətləndirdiyini, onun yazdığı “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”ni misal çəkərək “Vətənə belə qulluq edərlər” deməsini dilə gətirdi.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov alimin həyatı və elmi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda bir neçə coğrafi elmin inkişafı məhz Budaq Budaqovun adı ilə bağlıdır.  O, geomorfologiya və landşaftşünaslıq  elminin banisi olmuş və  məhz onun yaratdığı geomorfoloqlar, ekocoğrafiyaçılar və  landşagtşünaslar məktəbləri  nəinki respublikada, keçmiş SSRİ məkanında  tanınmışdı. Onun selşünaslıq, sürüşmə, buzlaqların öyrənilməsi sahəsindəki tədqiqatları geomorfologiyanın inkişafina böyük təkan vermişdir.

Toponimikanın bir elm kimi inkişafının B.A.Budaqovun adı ilə bağlı olduğunu vurğulayan direktor müavini alimin elmi uzaqgörənliyi sayəsində Bakının keçmiş Sovetlər məkanında coğrafi toponimik fikrin mərkəzinə çevrildiyini bildirib:   “O təkcə Güney Azərbaycanında deyil,  həm də qərbi Azərbaycan – Ermənistan, Gürcüstan ərazisi, Qazaxıstan,  orta Asiya, Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək, geniş oxucu kütləsinə çatdırmışdır. O, Azərbaycanda toponimikaya həsr olunmuş ilk 2 konfransın təşkilatçısıdır. B.Budaqov Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə ilk dəfə olaraq meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı, əhali coğrafiyası şöbələrini yaradıb. Böyük alim 1000-dən artıq əsərin, 30 monoqrafiyanın müəllifidir. Onun haqqında 200-ə yaxın məqalə yazılıb”.

Sonra HİK sədri, c.ü.f.d. Habil Haqverdiyev, coğrafiya elmləri doktorları Rəna Qaşqay və Məhəmməd Abduyev, c.ü.f.d. Mirnuh İsmayılov, Ənvər Əliyev, elmi işçi Zahid Əhmədov və başqaları akademik Budaq Budaqov haqqında xatirələrini yada salıblar, onun qlobal miqyaslı alim, vətənpərvər ziyalı, qocaman ictimai xadim, böyük tərbiyəçi-pedaqoq, çox zəhmətkeş və xeyirxah insan, hər bir gənc coğrafiyaçı üçün örnək olduğundan danışıblar, elm aləmindən əbədi olaraq tarixə düşdüyünü qeyd ediblər.

Elmi şura akademik Ramiz Məmmədovun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini  böyük alimin adı ilə bağlamaq təklifini qəbul edərək şöbənin adının “Budaq Budaqov adına Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi” olmasına qərar verib.