AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun martın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarında İnstitutun aparıcı elmi işçisi, c.ü.f.d. Mövlud Teymurov “Şəki-Zaqatala iqtisadi rayonunun daxili su ehtiyatlarının kənd təsərrüfatında istifadəsi və su ilə təminatın yetərlik vəziyyəti” mövzusunda məruzə edib.
Məruzəçi 2004-2016-cı illərdə mədəni otlaqlar sahəsinin dağlıq-dəmyə ərazilər hesabına 12,4% (23,9 min ha) genişləndiyini, müxtəlif bitki növləri üzrə suvarma normalarını hesabladığını diqqətə çatdırıb. Qeyd olunub ki, müxtəlif dövrlərdə fərqli aidiyyətli orqan və mütəxəssislər tərəfindən bitkilərin suvarma normaları hesablanıb və bunlar əsasən bütün bitki növləri və daha iri ərazilər üçün nəzərdə tutulmuşdur. Yeni metodika əsasında təklif olunan normalar istənilən bitki növünün suvarma normasını ərazinin təbii şəraitindən asılı olmayaraq qiymətləndirilməsinə imkan verir.
Tədqiqatçı təklif etdiyi metodun bir sıra üstün cəhətlərini səsləndirib:
1. Daha asan yolla məlumatların nisbətən geniş hidrometeoroloji və morfometrik kəmiyyətlər əsasında operativ və interaktiv şəkildə hesablanması;
2. Eyni vaxtda bir neçə metod təklif edilməsi daha əlverişli suvarma normasının hesablama yolunu seçmək imkanı;
3. Bu metodun istənilən fiziki-coğrafi şəraitə və ölçüyə malik ərazidə tətbiqi;
4. Hər hansı bitki üçün suvarma norması tapılırsa, keçid əmsalları ilə digər bitkilərin də normasını tapmaq imkanı.
Tədqiqatçının aldığı suvarma normalarının və onların digər metodikalarla hesablanmış kəmiyyətləri ilə müqayisəsi yeni metodikanın daha çevik və suya qənaət baxımından səmərəli olduğunu üzə çıxarır.
Hazırda Şəki-Zaqatala iqtisadi rayonunda su istehlak sferalarının suya olan birgə tələbatı 702,6 mln.m³ olduğu halda, çay suları, yeraltı sular və hazırkı su anbarlarının birgə ehtiyatları 3849,2 mln.m³ təşkil edir. İqtisadi rayonun su istehlakçılarının tələbatı onun mövcud daxili su ehtiyatlarının 18,3 % həcmində qiymətləndirilir ki, bu da qənaətbəxş sayılmalıdır.