AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə yığıncaq keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək onlar arasında birlik və həmrəylik yaratmağa xidmət edir. İnstitutun 2018-ci ili uğurla başa vurduğunu və illik hesabatın yüksək qiymətlə qəbul olunduğunu vurğulayan alim İnstitutunun qazandığı nailiyyətlərdə, coğrafiya elminin intensiv inkişafında direktor, akademik Ramiz Məmmədovun əməyini xüsusi qeyd edib.
Həmrəyliyin ilk növbədə əhatədən - ailədən, iş yerindən, kollektivdən başladığını, kollektivin mehribanlıq, birlik, bir-birinin qayğısına qalmaq və s. kimi keyfiyyətlərlə seçildiyini deyən natiq bildirib: “Elə bu gün də İnstitut direktorunun müvəqqəti olaraq Yeni İli bizimlə birgə qarşılaya bilməməsi səbəbindən hamının bir nəfər kimi şənliyi birgə qeyd etməsindən imtina etməsi bizim həmrəyliyimizi bir daha sübut edir”. Dünyanın hər yerində yaşayan azərbaycanlıların həmrəyliyinin hər sahədə olduğu kimi elmdə də özünü nümayiş etdirdiyini diqqətə çatdıran direktor müavini Avstraliyada yaşayan doktor Əliəkbər Rəsulinin Azərbaycana gəlib təmənnasız olaraq Coğrafiya İnstitutunda gənc həmyerliləri üçün ödənişsiz təlimlər təşkil etməsi dünya azərbaycanlılarının həmrəyliyinə bir nümunə olduğunu bildirib.
Çıxışının sonunda M.Həsənov İnstitut əməkdaşlarını Dünya azərbaycanlılarının milli həmrəylik günü və Yeni İl münasibətilə ürəkdən təbrik edib, hamıya möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtlıyı, qarşıdan gələn ili böyük nailiyyətlər və xoş əhval-ruhiyyə ilə qarşılamağı arzulayıb.
HİK sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verdiyini xüsusi olaraq vurğulayıb.
Qadınlar Şurasının sədri, böyük elmi işçi Luiza Salayeva və İnstitutun YAP təşkilatının sədri, Xəzər problemləri şöbəsinin kiçik elmi işçisi Bibixanım İbrahimova da mövzu ətrafında fikirlərini bildiriblər, Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıblar.
Sonda bütün çıxış edənlər kollektivə can sağlığı, uğurlar arzulayıblar.