İyunun 16-17-də Lənkəran şəhərində akademik H.Ə.Əliyevin 110 illiyinə həsr olunmuş “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Lənkəran Dövlət Universiteti və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, AMEA Şəki Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin və digər elmi təşkilatların alim və ekspertləri iştirak ediblər.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.
İclası sədrlik edən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Sonra o, Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi akademik H.Əliyevin Azərbaycanın coğrafiya elminin inkişafındakı əvəzolunmaz rolundan, torpaqşünaslıq, ətraf mühit, ekologiya, kadr hazırlığı, nəşr sahəsindəki fəaliyyətindən, xalq və dövlət naminə göstərdiyi xidmətlərdən, ictimai-təşkilati bacarıqlarından, eləcə də bir insan kimi müsbət, dəyərli keyfiyyətlərindən bəhs edib. Bildirilib ki, akademik H.Əliyev Azərbaycanda ətraf mühitin öyrənilməsi, onun tarazlığının qorunması, torpaqlardan səmərəli istifadə edilməsi yollarının müəyyən edilməsi sahəsində əvəzsiz işlər görmüşdür.
Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Mətləb Rəhimovla həmmüəllif olduğu “Lənkəran təbii vilayətinin iqlim və aqroiqlim ehtiyatları” mövzusunda məruzə ilə çıxış edib, hamını narahat edən qlobal istiləşmə, iqlim dəyişkənliyi, onun ölkə iqtisadiyyatındakı rolundan geniş məlumat verib.
Sonra Cİ-nin İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov “Lənkəran-Astara iqtisadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri”, Azərbaycan Coğrafiya Cəmiyyəti Lənkəran filialının sədri, c.ü.f.d. Ziyafət Ağayev “Lənkəran təbii vilayəti çaylarında ekoloji problemlər və onların əmələgəlmə səbəbləri” mövzularında məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib. Torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları, zəlzələlərin torpaqlara ekoloji təsiri, torpaq - bitki örtüyünün səth sularının formalaşmasında rolu, çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan qaldırılması yolları və s. mövzularda təqdimatlar edilib. Konfransda müzakirə edilən məsələlər arasında Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşması, təsərrüfatın inkişafının müasir vəziyyəti, torpaqlardan istifadə edilməsi sahəsində olan problemlər geniş yer tutub və qeyd edilib ki, bu iqtisadi rayonda sitrus bitkilərinin əkilməsi, torpaq-iqlim ehtiyatlarından bu məqsədlə istifadə edilməsi daha vacibdir.
Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinlənilib, qərar layihəsi qəbul edilib. Qərarda həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri daha da gücləndirmək, mütəmadi olaraq bu tipli tədbirlərin, eləcə də birgə elmi tədqiqatların, elmi seminarların keçirilməsini təmin etmək məqsədilə Coğrafiya İnstitutu ilə LDU arasında əməkdaşlıq müqaviləsinin bağlanması təklifi də irəli sürülüb.
Müzakirələrdən sonra qərarın mətni yekun sənədi kimi bəyənilib.
Konfrans iştirakçıları AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna, onun rəhbərliyinə, Lənkəran Dövlət Universitetinə elmi tədbirin yüksək səviyyədə təşkilinə, keçirilməsinə və optimal iş şəraitinin təmin edilməsinə görə dərin minnətdarlıqlarını bildiriblər.
“İnsan və ətraf mühit münasibətləri” mövzusunda elmi konfransın QƏRARI
- Nadir subtropik meşə ekosistemlərinin qorunması, torpaqlardan səmərəli istifadə edilməsi, Hirkan Milli parkı və digər meşə sahələrinin turizm-rekreasiya imkanlarından istifadə edilməsi istiqamətlərində tədbirlər görülməsi zəruridir. Bu sahələrdə yerli əhali ilə yanaşı, respublika miqyasında da əhəmiyyətinin artırmaq üçün infrastruktur sahələrinin müasir tələblər səviyyəsində qurulması tələb olunur.
- Lənkəran-Astara iqtisadi rayonu ölkənin rütubətli subtropik kənd təsərrüfatı bitkiləri becərilən zonasıdır, bura zəngin turizm-rekreasiya potensialına malik regionlarından biridir. Turizmin göstərdiyi xidmətlərin kütləvi xarakter alması üçün qiymətlərin əhalinin gəlirlərinə uyğunlaşdırılması, göstərilən xidmətlərin genişləndirilməsi, turizm mərkəzlərinin ilboyu fəaliyyətinin təminatı sahəsində işlərin aparılması tələb olunur. Bu tədbirlər regionun inkişafı ilə yanaşı, əhalinin bu sahələrdə məşğulluğunun yüksəldilməsinə imkan verər.
- Regionların, xüsusilə də sərhədboyu və dağlıq yaşayış məntəqələrin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün yeni iş yerlərinin açılması, əhaliyə göstərilən sosial-mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruridir. Bu tədbirlər mövcud demoqrafik potensialın yerlərdə saxlanılmasına imkan verər.
- Əmək ehtiyatlarının daimi məşğulluğunun artırılması üçün regionun təsərrüfat strukturunda əhəmiyyətli yer tutan kənd təsərrüfatının ixtisaslaşma sahələrinin inkişaf etdirilməsi vacibdir. Şəhər və qəsəbələrdə emal müəssisələrinin yaradılması iqtisadi bazanın möhkəmlənməsinə gətirib çıxarar. Belə vəziyyət regionlardan əhalinin Abşerona və Bakı paytaxt regionuna axmasının azalmasına imkan verər, ölkənin ixrac potensialı xeyli artar.
- Lənkəran şəhərinin təkcə regional mərkəz kimi deyil, həm də respublika miqyasında məskunlaşma sisteminin nizamlanmasında əhəmiyyətinin artırılması üçün iqtisadi və sosial bazanın inkişafı zəruridir. Şəhərin sosial-mədəni xidmətlər göstərilməsi sahəsində rolunun da artırılması tələb olunur.