Miosen dövrünə dair məruzə dinlənilib May 29, 2019 | 09:05 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin elmi işçisi Vüsalə Ağayeva Elmi seminarda “Miosen yaşlı süxurlar üzərində aparılmış bəzi geokimyəvi analizlərin nəticələrinin təhlili (Azərbaycan, İslamdağ ərazisi)” mövzusunda məruzə edib.

Tədqiqatçı  Şamaxı-Qobustan rayonu, İslamdağ  ərazisindən götürülmüş süxur nümunələri üzərində Avstriyanın Leoben şəhərindəki  Montana universitetində 4 ay müddətində aparılmış geokimyəvi analizlərin təhlilinə əsaslanaraq sahənin paleocoğrafiyası, hidrokarbon  neftlilik, neftlilik-qazlılıq potensialları təyin etmişdir. Maykop və Diatom çıxışlarının çöküntülərindən götürülmüş 300 ədəd süxur nümunəsi üzərindəki araşdırmalar göstərmişdir ki,   Maykopda əsasən quru, Diatom çoküntülərində isə rütubətli    iqlim şəraiti  hökm sürmüşdür. Dəniz suyu əsasən duzlu və şirin sulu olmuşdur. Hesablamalara görə Diatomda neft qazlılıq ehtiyatı Maykopdan  daha çoxdur ki, həmin ərazi  gələcəkdə neft hasilatı  üçün perspektivli sayıla bilər.

Gil və qeyri-gil mineralları üzərində aparılan element və  əsas oksid analizləri təkcə  Miosen dövründə Qara dəniz və Xəzər dənizinin iqlimi haqqında deyil, həm də paleocoğrafiya, neft geologiyası üçün önəmli məlumatları özündə daşıyan neft, neft-qaz ehtiyatlarının hesablanması və proqnozu haqqında önəmli məlumatlar verir.