AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında İqlimşünaslıq və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Kür deltasının keçid sularına və deltadan Lənkərana qədər Xəzər dənizinin sahil sularına təzyiqlər və onların təsiri” mövzusunda məruzəsi dinlənilib.
Alim məruzəsində Kür çayının Neftçala rayon mərkəzindən çayın deltasına qədər hissəsində, çayın deltasında, həmçinin deltadan Xəzər dənizinin sahil xətti boyunca Lənkərana qədər olan ərazidə keçid və sahil sularına edilən ekoloji təzyiq amillərinin intensivliyinin müəyyənləşdirilməsi üzrə apardığı tədqiqatların nəticələri barədə məlumat verib. O göstərib ki, tədqiq edilən ərazidə ən gərgin ekoloji vəziyyət Kürün deltasından Qızılağac körfəzinə qədərki sahil sularında müşahidə edilir ki, bu da əsasən müxtəlif çay, kanal və kollektorlarla dənizə axıdılan çirkləndiricilərlə əlaqədardır. Alim bildirib ki, baxılan su hövzələrinə edilən ekoloji təzyiqlərin təsirlərini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac vardır.