EcoPrint layihəsinə qoşulaq! İyl 04, 2019 | 10:07 / MÜHÜM HADİSƏLƏR

Hazırda bütün dünyanı məşğul edən ən böyük qlobal problem qlobal stiləşmədir. Respublikamızda bu problem özünü nə dərəcədə biruzə verir, onun həlli üçün hansı işlər görülür və biz bu sahədə nə cür fəaliyyət göstərə bilərik? 

Dünyanın qlobal problemlərinə qlobal istiləşmə ilə yanaşı həm də son illərdə bütün dünyada gündən-günə artan, insanların həyatına son qoyan, təsərrüfatını bərbad edən təbii fəlakətləri misal göstərə bilərik: torpaq sürüşmələri, torpaq eroziyası, daşqınlar, sel hadisələri, səhralaşma və s.

Bütün bəşəriyyət bu problemin həllinə çalışır, müxtəlif yollarla  əsas parnik qazı olan karbon qazının emissiyasının azaldılmasına cəhd edilir. Buraya alternativ enerjidən istifadə, yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi və o cümlədən meşə sahəsinin artırılması daxildir. Qeyd edək ki, alimlər qlobal istiləşmənin səbəbi kimi 30% meşəsizləşmə prosesini göstərirlər. 

Hal-hazırda BÜTÜN DÜNYA AĞAC ƏKİR!

2015-ci il Paris sammitindən sonra 120-dən çox ölkə iqlim dəyişikliyinə cavab olaraq  böyük miqdarda meşə sahələrini bərpa etməyi öhdələrinə götürmüşlər və BMT 2030-cu ilə qədər 350 milyon hektar meşəni  bərpa etmək məqsədini qarşıya qoymuşdur. Çin bütöv İrlandiyanın ərazisi qədər meşə əkməyi planlaşdırır. Latın Amerikası ölkələri 20 milyon hektar meşə və Afrika ölkələri 100 milyon hektardan çox meşəni  bərpa etməyi öhdələrinə götürmüşlər. Hindistanda 13 milyon hektarda meşə əkilməsi planlaşdırılır, Pakistanda 1 mlrd. ağac əkilmiş, Avstraliya həmçinin 1 mlrd. ağac əkmə kompaniyasını həyata keçirir. Bəs bizim Azərbaycanda bu sahədə vəziyyət necədir?

Azərbaycanda meşə ilə örtülü sahə 1.04 mln ha olaraq ümumi ərazinin cəmi 11,8 % -ni təşkil edir, əhalinin hər adambaşına təxminən 0,12 ha meşə sahəsi düşür. Beynəlxalq normativlərə görə (adambaşına 0,25 ha) isə respublika ərazisinin ən azı 25% meşə ilə örtülü olmalıdır,  2.65 mln ha ərazi , bu isə əlavə olaraq 1.12 milyon ha ərazidə meşə sahəsi salınması deməkdir.

Bütün bunları nəzərə alaraq  BDU EcoPrint layihəsinin əsas məqsədi ağac əkmək vasitəsi ilə Azərbaycanın bir sıra lokal ekoloji və sosial-iqtisadi problemlərinin həll edilməsidir. Buraya daxildir: torpaqların eroziyası, torpaqların neftlə çirklənməsi, sürüşmələr, sel hadisələri, daşqınlar, səhralaşma, atmosfer çirklənməsinin artması və s.

Layihənin həyata keçirilməsi üçün  dünyanın istənilən bir yerindən hər hansı fiziki və ya hüquqi şəxsin ağac əkilməsi ilə yuxarıda göstərilən problemlərdən hər hansı  birinin həlli üçün istifadə edəcəyi bir platforma təşkil edilmiş, EcoPrint saytı yaradılmışdır. 

Layihə çərçivəsində    20 gün ərzində 133 ağac əkilmişdir ki bu da 0.44 ha meşə sahəsi deməkdir. Ən azından, əgər  bu templə gedəriksə, biz 1 ilə 3.96 ha (1188 ağac) , 5 ilə 19.8 ha (5940 ağac) meşə sahəsi sala bilərik. Əkdiyimiz 133 ağac -0,44 ha meşə sahəsi il ərzində  2.2 ton O2 istehsal edəcək, 1 il ərzində 3.96 ha meşə sahəsi -19.8 ton O2,  5 ilə-19,8 ha meşə sahəsi -  99 ton O2 istehsal edəcəkdir. Onu da nəzərinizə çatdıraq ki, 1 nəfərin il ərzində 400 kq O2 tələbatı var ki, bizim əkdiyimiz ağaclar 5.5 nəfərin   O2 olan illik tələbatını ödəyə bilər. Və yaxud, 1 ağac 1 sutkada 3 nəfərin  O2 olan tələbatını ödəyir, əkdiyimiz 133 ağac  399 nəfəri 24 saat ərzində oksigenlə təmin edə bilər. 

Layihə çərçivəsində kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə İsmayıllı rayonu Əhən kəndində 100 ədəd və Bakı şəhəri Ekologiya liseyinin həyətində 6 ədəd  badam ağacı əkilmişdir. Bu ağacların hər biri 4-5 ildən sonra bar verəcək və məhsul satışından hər ailə 1 ağacdan 1297 manat gəlir götürə biləcəkdir.

Qlobal istiləşmə nəticəsində Azərbaycan ərazisində temperatur  +0.70 C artmışdır. Ən yüksək artım Kiçik Qafqaz regionunda yaz fəslində müşahidə olunmuşdur (1,10). HadCM3 modellərinə əsasən Azərbaycan Respublikasının bütün regionlarında orta illik temperatur qiymətlərinin 2011-2040-cı illər ərzində 1.50 C artacağı proqnozlaşdırılır. 

Qlobal istiləşmənin qarşısını almaq üçün karbon qazının emissiyasının azaldılması problemi bütün ölkələrin qarşısında duran həlli vacib problemlərdən biridir. Hal-hazırda Azərbaycan höküməti COemissiyasını 1990 ilə nisbətən 29% azaltmışdır və 2030-cu ilə qədər 35% azaltmağı öhdəçiliyinə götürmüşdür. Layihə çərçivəsində əkilmiş 133 agac  1 ildə 2.86 ton COemissiyasini azaldacaq, bu, 1 ilə 25.74 ton (3.96 ha), 5 ilə 128,7 ton (19.8 ha) CO2 udulması deməkdir. Nəzərə alsaq ki, avtomobil 1 günə 9 kq CO2 havaya ixrac edir,  bizim əkdiyimiz 133 ağac artıq yarım aydan sonra 119 kq CO2 udmuş olar və yaxud  13 avtomobilin havaya atdığı CO2 udmuş olar, 1 ildən sonra bu əkmələr 317,8 avtomobilin ixrac etdiyi CO2 udacaqlar. Əgər biz 1 ildən sonra əkməyi planlaşdırdığımız sahəni nəzərə alsaq  3.96 ha-440 avtomobilin, 5 illik əkmələrəmiz -19.8 ha-2200 avtomobilin havaya atdığı CO2 zərərsizləşdirə biləcəkdir. 

Layihə çərçivəsində biz 20 nəfərin müvəqqəti və mövsumi işlə təmin olunmasına dəstək olduq, bu, respublika üzrə ümumi işsiz kontingentin 0.004%-i deməkdir, 1 ildə biz işsizlərin sayının 0.036 % ,  5 ildə 0.18 % azalmasına nail ola bilərik.

Tərəfdaşlarımız: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Meyvəçilik və Çayçılıq  Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi  və GİZ – Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti.  

 

 AMEA ak. H.Əiyev adına Coğrafiya
İnstitutunun əməkdaşı və BDU-nun müəllimi,
c.ü.f.d. Mətanət Musayeva