Əməkdaşlarımız beynəlxalq yay məktəbində iştirak ediblər İyl 11, 2019 | 10:07 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Emil Cəbrayılov və Nicat İmamverdiyev  iyunun 30-dan  iyulun 7-dək  Gürcüstanın Kazbegi regionunda keçirilən beynəlxalq təlimdə iştirak ediblər. “Mədəniyyətlərarası elmi-sosial transdistiplinar tədqiqatlar” mövzusunda keçirilən təlimlər Almaniyanın Leuphana, Avstryanın Təbii  Resurslar və Həyat Elmləri  (BOKU) və Gürcüstanın Tbilisi Dövlət Universitetlərinin təşkilatçılığı ilə baş tutmuşdur. Təlimlərə Almaniya, ABŞ, Rusiya, Türkiyə, Pakistan, İran, Gürcüstan, Qırğızıstan, Ermənistan, Nepal, Meksika, Burkina-Faso, Sudan və s. kimi 17 ölkədən 35 iştirakçı qatılmışdır.

Təlimin keçirilməsində məqsəd akademik tədqiqatçıların dissiplinar və interdissiplinar baxışlarını transdissiplinar yanaşma istiqamətində genişləndirmək, onların   transdissiplinar tədqiqat proseslərində imkanlarını inkişaf etdirmək olmuşdur. Təlimin ilk günlərində mühazirələr dinlənilmiş, Kazbegi bələdiyyəsi ərazisində sorğu keçirilmiş və mövcud problemlər araşdırılmışdır. Bələdiyyə sədri, otel rəhbərləri, turizm şirkətlərinin nümayəndələri ilə görüşlər zamanı yerli əhəmiyyətli informasiyalar toplanılmışdır. Daha sonra iştirakçılar toplanılan məlumat və təcrübə əsasında ayrı-ayrı qruplara ayrılmış, müxtəlif mövzular - dayanıqlı inkişaf, turizm, su idarəçiliyi, tullantıların idarəolunması, kənd təsərrüfatı üzrə transdissiplinar tədqiqatlar aparmışlar.

Tədqiqatların nəticələri yerli ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən toplantıda təqdim edilmiş, müzakirələr aparılmışdır.  Emil Cəbrayılov ərazinin turizm potensialına dair təqdimat hazırlamış, Qafqazın məşhur zirvəsi olan Kazbek dağının (5047 m) və regionda mərkəz rolunu oynayan Stepantsminda qəsəbəsinin 3D vizualizasiyasını Nicat İmamverdiyev isə Coğrafi İnformasiya Sistemlərində hazırladığı xəritə və illüstrativ materialları  nümayiş etdirmişlər. Azərbaycanlı gənclərin təqdimatı marağa səbəb olmuşdur.

Təlimin sonuncu günü keçirilən mədəniyyət gecəsində təmsilçilərimizin Azərbaycanın təbiəti və mədəniyyəti haqqında təqdim etdiyi videoçarx böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır. 

Təlim günlərində baş tutan ekskursiyalar zamanı iştirakçılar Qveleti şəlaləsində, Dariali Monastr Kompleksində, Qergeti Triniti kilsəsində, Annanuri qalasında, qədim Msxeta şəhəridə olmuş, ərazinin təbiəti və mədəni-tarixi abidələri ilə tanış olmuşlar. 

Təlim iştirakçılarına  sertifikatlar verilmişdir.