Türk mənşəli adların dəyişdirilməsi barədə məsələ müzakirə olunub Okt 23, 2019 | 04:10 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi  seminarı keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra  məruzə üçün sözü aqrar üzrə elmlər doktoru Yasin  Kərimova verib.

Məruzəçi özünün yazdığı “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi sənədləri ilə dəyişdirilməsi” kitabı haqqındakı   məruzəsində bildirib ki, o, Rusiyanın  Moskva arxivlərinə yol taparaq Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan əraziləri) yaşayış məntəqələri və kənd soveti adlarının dəyişdirilməsi ilə bağlı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan artıq fərman və digər sənədlərini əldə edib. Bu fərmanlarda 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən artıq türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunur. (Bu günə qədər belə adların sayı 1000-i ötüb). Məsələn, fərmana əlavə olunmuş arayışda deyilir: “Ermənistanda xarici işğalçıların hakimiyyəti dövründən qalmış təhqiramiz məna daşıyan yaşayış məntəqələrinin türk mənşəli adlarının dəyişdirilməsi üzrə işlər gedir. Həmçinin, imkan olduqca erməni tarixi adları bərpa edilir”. Yaxud digər bir fərmanda deyilir: “Əhalisi Azərbaycana köçməsi ilə əlaqədar adları göstərilən yaşayış məntəqələri ləğv edilsin”.

Məruzə ətrafında çıxış edənlər müəllifin lazımlı arxiv materiallarını gətirərək onu kitab halına salmaq təşəbbüsünü yüksək qiymətləndirib, ona dəyərli təklif və məsləhətlər veriblər.

Müzakirələrə yekun vuran akademik Ramiz Məmmədov erməniləri öz əlləri ilə ifşa edən rəsmi dövlət sənədlərinin toplanaraq kitab halına salınmasına görə  Y.Kərimova təşəkkürünü bildirib. O qeyd edib ki, ermənilər tarixi öz xeyirlərinə saxtalaşdırmaq meyllərindən əl çəkə bilmədiklərindən hər vasitə ilə yalan məlumatlar yaymaqda, dünya ictimaiyyətini aldatmaqda davam edirlər. Ona görə bizim vəzifəmiz onları cavabsız qoymamaq, tutarlı dəlillərlə bu yalanların ayaq tutub yeriməsinə imkan yaratmamaq, informasiya savaşında geridə qalmamaqdır.