Türk dünyası coğrafiyasının ikinci cildi çapdan çıxıb Dek 26, 2019 | 11:12 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu”  üçcildliyinin 2-ci cildi çapdan çıxıb.

İqtisadi və sosial coğrafiya  cildinin  ideya müəllifi və məsləhətçisi  akademik Akif Əlizadə, baş redaktorları akademiklər Ramiz Məmmədov və Nizami Cəfərov, buraxılışına məsul dosent Məhərrəm Həsənovdur.

Əsər  üzərində coğrafiya elmləri doktorları Zakir Eminov və Nəriman Paşayev, coğrafiya üzrə fəlsəfə doktorları Məhərrəm Həsənov, Nizami Eyyubov, Zaur İmrani, Günəş Ağakişiyeva, Etibar Bədəlov, Samirə Ələkbərova, Rövşən Kərimov və Hicran Tahirova işləmişlər.

Kitabda  türk dünyasının 6 müstəqil dövlətinin və 11 milli qurumunun bütün iqtisadi-coğrafi və sosial vəziyyəti tədqiq və təhlil edilir. Təqribən 11 milyon kvadrat kilometr ərazinin, 200 milyon nəfərə qədər əhalinin geosiyasi məkanda yeri, iqtisadi-coğrafi mövqeyi araşdırılır, “qədim ipək yolu”nun bərpasında bu ölkələrin rolu və iştirakı ətraflı təhlil edilir.

Əsərin  çapdan çıxan 2-ci cildi  üç  fəsildən ibarətdir.  Türk dünyasının iqtisadi-coğrafi mövqeyi və siyasi coğrafiyası fəslində onun geosiyasi məkanda yeri və Avrasiya nəqliyyat dəhlizinin türk dünyası üçün geosiyasi əhəmiyyəti araşdırılır.  Türk dünyasının sosial-iqtisadi və insan potensialı  fəslində, ümumilikdə, türk dünyası ölkələrinin və milli qurumlarının insan potensialı, məskunlaşma, əhalinin dinamikası, əmək ehtiyatları, iqtisadi fəal əhali və s. kimi çox mühüm məsələlər geniş şəkildə nəzərdən keçirilir.

Türk dünyası təsərrüfatının ümumi səciyyəsi adlanan  üçüncü fəsildə  regionun təsərrüfat sistemlərinə - sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial-infrastruktur sahələri, turizm-rekreasiya potensialı  son dövrlərin iqtisadi göstəricilərinə əsasən təhlil edilir və bütün bunların perspektiv inkişaf istiqamətləri qiymətləndirilir.

Ensiklopedik elmi məlumatlarla zəngin olan kitabda müvafiq xəritə, diaqram, fotoşəkillər də verilmişdir ki, bunlar da onu daha oxunaqlı və maraqlı edir.

Əsər geniş oxucu kütləsi, dövlət idarəçiliyi ilə məşğul olan mütəxəssislər, ali məktəblərin professor-müəllim heyəti, bakalavr, magistr və doktorantlar, turizm şirkətləri, ümumiyyətlə, türk dünyası ilə maraqlanan hər kəsin istifadəsi üçün qiymətli elmi mənbədir.

Eyni zamanda, "Türk dünyasının coğrafiyası və etnosu" kitabının birinci cildi rus dilində də çapdan çıxıb.