AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Böyük Qafqazın cənub-şərq hissəsinin təbiət abidələri və onların geoturizm potensialının qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.
Təqdimatın məqsədi Azərbaycanın təbiət abidələrinin kompleks tədqiqinə diqqətin artırılması, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə, ölkəmizdə eko- və geoturizmin inkişafına dəstək və ərazidə mövcud olan təbiət abidələrinin geoturizm obyekti kimi qiymətləndirilməsi olmuşdur.
Müəllif Siyəzən rayonunda yerləşən və Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağını və Xızı rayonu ərazisində yerləşən “bəzəkli” dağları tədqiqat obyekti kimi götürmüş və həmin təbiət abidələrinin turistlər üçün cəlbedici olmasını əsaslandıraraq, onların hansı geoloji dövrlərdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, tektonik, litoloji, struktur, geomorfoloji və s. özəlliklərinə diqqəti yönəltmişdir.
Müəllif hər iki təbiət abidəsinin Azərbaycanın eko- və geoturizm imkanlarının genişləndirilməsində əhəmiyyətini və onların dərindən öyrənilməsi üçün kompleks tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd etmiş və müvafiq tədbirlərin görülməsi üçün konkret təkliflər irəli sürmüşdür.