AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda davamlı turizm fəaliyyətinin təşkili və kənd turizminin potensial imkanları araşdırılır.
İlkin mərhələdə kənd turizminin resurs bazası və ondan istifadə perspektivləri tədqiq olunub. Bununla yanaşı, kənd turizminin inkişaf etdirilməsində xarici təcrübə öyrənilib. Aparılan tədqiqatlar əsasında ilkin nəticələr əldə edilib.
Məlum olub ki, Quba və Qusar inzibati rayonlarının dağ kəndləri təbii zənginliyinə görə turizm üçün əlverişli olan ərazilər hesab edilir. Bu rayonların Xınalıq, Buduq, Qırızdəhnə, Haput, Cek, Kuzun və Laza dağ kəndləri həm təbiəti, həm də etnik mənşəyi ilə turistlərin diqqətini cəlb edir. Bölgədə dini, etnoqrafik, ekoloji, ekstremal turizm növlərini inkişaf etdirmək üçün böyük potensial imkanlar var.