Cİ alimi rayon idarəçiliyinin ləğv edilməsini təklif edir May 13, 2020 | 12:05 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Azpolitika.info saytında “Rayon idarəçiliyi ləğv edilməli... – 20 mahal və 10 respublika tabeli şəhər yaradılmalı (Təklif)” adlı məqaləsi dərc edilib.

Müəllif rayonların idarəçilik sistemində mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli addımların atılmasına, idarəetmə mexanizminin dəyişdirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırır. Bildirilir ki, korrupsiya və rüşvətxorluqla mübarizə məsələsinə  maddi-mənəvi və iqtisadi-coğrafi baxımdan yanaşmaq lazımdır.  “Əsil savadlı, ziyalı, vətənpərvər insan mənəviyyatsız ola bilməz, yetimin malına göz dikməz, xalqını talamaz, millətinin başını aşağı eləməz. Belələri, Konfutsi demiş, ölkədə həmişə var, sadəcə, onları tapıb yerinə qoymaq lazımdır”, deyən yazar rəhbər vəzifələrə namizədlərin test imtahanı yolu ilə rəhbərlik edəcəyi sahənin “əlifbasından”, iqtisadiyyatdan, qanunvericilikdən, idarəetmədən,  eləcə də Azərbaycan dili və tarixi fənlərindən imtahan vermələrini təklif edir.

Köhnə sovet dönəmindən qalmış “rayon” anlayışından imtina edərək onu “el” sözü ilə əvəz etməyi məsləhət görən müəllif əhalinin sayından, ərazisinin sahəsindən, coğrafi mövqeyindən, tarixi bağlılığından və s. asılı olaraq, bir neçə eli “mahal” və ya “diyar” ərazi-inzibati bölgüsündə birləşdirməyin  məqsədəuyğun olduğunu qeyd edir.

Məqaləni buradan oxumaq mümkündür.