İranlı həmkarlarla onlayn görüş keçirilib May 14, 2020 | 03:05 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə İranın Təbriz Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən  onlayn görüş keçirilib.

Tanışlıq məqsədi daşıyan distant görüşdə tərəflər qarşılıqlı olaraq elmi müəssisələrin tarixi, fəaliyyət istiqamətləri, son illərdə qazanılmış nailiyyətlər, gələcək planlar haqqında, eləcə də dünyada hökm sürən yeni növ Covid-19 koronovirus epidemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə əməkdaşların öz fəaliyyətlərini mövcud şəraitə necə uyqunlaşdırmaları  haqqında məlumatlarla bölüşüblər.

 Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, ərazilərdə təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması, ətraf mühitin mühafizəsi, ekologiya, landşaft planlaşdırılması, CİS texnologiyalarının tətbiqi, Xəzər dənizinin tədqiqi və s. təşkilatın prioritet mövzularıdır. İnstitutun Dovlət proqramlarının hazırlanması və yerinə yetirilməsindəki rolundan bəhs edən direktor  əməkdaşların  son aylar hazırladıqları Azərbaycanın iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsi və sutka ərzində azı bir dəfə təzələn dünya ölkələri və həmçinin Azərbaycan üzrə pandemiya haqqında məlumatların əks olunduğu “Covid-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında xüsusi olaraq məlumat verib.

Elmi işlər üzrə direktor  müavini, dosent  Məhərrəm Həsənov Azərbaycanda iqlim və aqroiqlim sahəsindəki tədqiqatlardan, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirindən söhbət açıb.    

İqlim dəyişmələri, coğrafi informasiya sistemləri, landşaft planlaşdırılması, ətraf mühit mühafizəsi və s. sahələrin Təbriz  Universitetində geniş tədqiq edildiyini qeyd edən iranlı alimlər bu sahədə əldə etdikləri nailiyyətlərdən danışıblar. Bildirilib ki, İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetində tələbələr üçün hər cür şərait yaradılıb. Onlar təhsil almaqla yanaşı, elmlə kommersiyanı birləşdirərək elmi tədqiqatlarını inkişaf etdirirlər.

Akademik Ramiz Məmmədov və Təbriz Universiteti Planlaşdırma və ətraf mühit departamentinin rəhbəri, professor Behruz Sari Sarraf  yaxın günlərdə konkret mövzu ətrafında onlayn şəkildə keçiriləcək müştərək elmi seminarın  qarşılıqlı əlaqələrin və elmin inkişafı  istiqamətində müsbət nəticələr verəcəyini qeyd ediblər. Tədbirin  AMEA prezidenti akademik Ramiz Mehdiyevin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı fəaliyyət planına uyğun olaraq, iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi mövzusuna həsr edilməsi hər iki müəssisə tərəfindən razılıqla qəbul edilib.