“Azərbaycanin şirin su ekosistemləri: Problemlər və gözləntilər” Noy 18, 2020 | 09:11 / MÜHÜM HADİSƏLƏR

  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Respublika qəzetində  ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib.

“Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər” adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələri müasir və tarixi aspektdən təhlil edilir, problemin həlli yolları araşdırılır. Suvarma əkinçiliyi tətbiq edilən yeni sahələrin coğrafi cəhətdən kompleks öyrənilməsi əsasında mənimsənilməsini və suvarma normasının ekoloji tələblərə uyğunluğunu, eləcə də iqtisadi səmərəsinin hesablanmasının vacibliyini vurğulayan alim  müasir su idarəçiliyində su ehtiyatları ilə su istifadəçiləri arasındakı münasibətlərin kökündən dəyişdirilməsini zəruri hesab edir.

Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırır. Bildirilir ki, qardaş Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına “elm-bilik” mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. “Dövlətimizin dəyərli, beynəlxalq səviyyədə rəqabət apara biləcək elmi nəticələr əldə etməsi üçün AMEA institutlarının maddi-texniki bazası müasir standartlara uyğunlaşdırılmalıdır. Sudan istifadə ilə bağlı mədəni-maarifləndirmə işi həmişə aktual olub, indi isə həyati əhəmiyyətli məsələyə çevrilmişdir... Fermerlərin sudan istifadə mədəniyyətlərin yüksəldilməsi üçün icra orqanlarının, qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələrinin gücündən istifadə faydalıdır. Suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac vardır”.

Alim həmçinin bildirib ki, hörmətli Prezidentimiz və Ali Бaş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad edilmiş  Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə  subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaqdır.