AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümü qeyd edilib.
İlk əvvəl Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı bir əsrdən artıq davam edən, düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Bu faciədən 29 il ötməsinə baxmayaraq dəhşətli səhnələr gözümüz önündən çəkilmir, xatirəmizdə yaşayır və heç zaman da unudulmayacaq.
Xocalı soyqırımının 29-cu ildönümü erməni faşistləri üzərindəki şanlı qələbəmizin 108-ci gününə təsadüf edir. Zəfərimiz nə qədər sevincli, şərəf və qürurverici olsa da, vəhşi ermənilərin xalqımıza qarşı törətdikləri qətlyamın ağrısını ovuda bilmir. Riyakar erməni siyasətçiləri şərəfsiz fəaliyyətləri ilə qondarma erməni soyqırımının əksər dünya ölkələri tərəfindən tanınmasına nail oldularsa, yalan “ayaq açıb yeridi”sə, həqiqətin də təntənəsi labüddür, qaçılmazdır. Hamı bilməlidir ki, ermənilərin Qafqazda yaşamalarının “minillik tarixi” 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından və onların İrandan, Türkiyədən gətirilərək bu ərazilərdə yerləşdirilməsindən sonra başlayıb. Havadarlarının əməlindən “ruhlanan” ermənilər «Böyük Ermənistan» yaratmaq eşqinə düşdülər və bu məqsədlə də azərbaycanlıları qovaraq torpaqlarını mənimsəməyə başladılar. Elə o vaxtdan da azərbaycanlıların soyqırımı mərhələlərlə həyata keçirildi.
İndi növbə bizimdir. Həqiqətin öz yerini tutmasına, haqqın bizim tərəfimizdə olduğuna dünyanı inandırmalıyıq. Bunun üçün isə hər birimiz bacardığımız qədər ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmamalıyıq.
“Artıq hər şey dəyişib və zaman bizə işləyir” sözləri ilə nitqini yekunlaşdıran akademik gec-tez bütün dünyanın həqiqəti qəbul etməyə məcbur olacağını xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, İctimai əlaqələr şöbəsinin müdiri Rzazadə Xanım, istiqamət rəhbəri, c.e.d. Zakir Eminov və digərləri Qarabağda törədilən ekoloji terroru, oradakı tarixi, maddi-mədəniyyət abidələrimizin məhv edilməsini təbiətimizə qarşı törədilən soyqırım, tarixi dəyişdirmək cəhdləri kimi qiymətləndirblər, Xocalı soyqırımının dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılmasını vacib hesab ediblər.