Cİ əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda çap edilib Apr 06, 2021 | 02:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktoru, dosent Cuma Məmmədov və elmi işçi Zülfəli Rəsulovun həmmüəllif olduqları “Əsas təbii amillərin təsiri nəzərə alınmaqla palçıqlı sellərin asılı gətirmələrinin ən böyük sərflərinin hesablanmasında yeni yanaşma” adlı məqalə Rusiyanın impakt faktorlu “Вестник геонаук” jurnalında nəşr edilib.

İş Kiçik Qafqaz çaylarında baş verən sellərin ən böyük sərflərinin hesablanması metodikasına həsr olunmuşdur. Tədqiqat üçün  2000-ci ilə qədər Azərbaycan Respublikasının Təbii  Sərvətlər Nazirliyinin Hidrometeorologiya  Departamentinin asılı gətirmələrin  ən böyük sərflərinin  müşahidə və 2016-cı ilə  qədər ekspedisiya məlumatlarından istifadə edilmişdir. Asılı gətirmələr ən böyük sərflərinin sıralarının uzadılması  üçün 2000-2015-ci illərə görə  qurulmuş Qən böyük = A (R ən böyük) əlaqələrindən istifadə eidlmişdir.

 Ayrılıqda və kompleksdə asılı gətirmələrin ən böyük sərflərinə təsir edən fiziki-coğrafi  amillərin  parametrləri təhlil edilmişdir. Sel gətirmələrinin  həcmini  təyin etmək üçün əsas təbii amil kimi ən böyük su sərfinin kəmiyyəti, çay axımının təbii tənzimlənmə əmsalı və sutoplayıcının  meşəlik əmsalı qəbul edilmişdir. nəticədə ilk dəfə tədqiq olunan ərazi üçün asılı gətirmələrin ən böyük sərflərinin hesablanma metodikası işlənmişdir.  Bu metodika palçıqlı  sellərin əmələ gəlmə  şəraitini daha müfəssəl əks etdirir və hesablama xətası  ±25%-ə qədərdir. Alınmış tənliklər Kiçik Qafqazın öyrənilməmiş çayların palçıqlı sellərinin parametrlərinin təsviri və öyrənilməsi üçün istifadə edilə bilər.