Coğrafiyaçilar təbii mühitin bioloji aktivliyini araşdırıblar İyl 09, 2021 | 01:07 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  “Ekocoğrafiya” şöbəsinin əməkdaşları şöbə müdiri, a.ü.f.d. Ənvər Əliyevin  rəhbərliyi ilə Sumqayıt şəhəri və onun ətraf ərazilərində ekspedisiyada olublar.

Məqsəd təbii mühitin stasionar və qeyri-stasionar mənbələrdən çirklənməsi və onların  insan sağlamlığına təsir xüsusiyyətlərinin öyrənilməsi olub.

Tədqiqatçılar təbii mühitin bioloji aktivliyini təyin etmək üçün qabaqcadan seçilmiş müşahidə məntəqələrində metodiki tələblərə uyğun müxtəlif mənbələrdən nümunələr götürüblər. Nümunələrin təhlili mikroorqanizmlərin biosenozunun dəyişməsinə, insanın sağlamlığına təsir edən bir sıra yoluxucu və ya parazitar xəstəliklərin yayılmasının səviyyəsini qiymətləndirmək imkanı yaradacaq. Bioloji aktivliyi xarakterizə edən göstəricilər eyni zamanda biosenozun, xüsusilə torpaq, bitki örtüyünün, su mənbələrinin  müxtəlif növ çirklənməyə məruz qalma dərəcəsini, onların əhali sağlamlığı üçün risk səviyyəsini, habelə bu mühitin özünü təmizləmə qabiliyyətinin vəziyyətini xarakterizə etməyə şərait yaradacaq.