Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamına əsasən AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alimləri - direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, prof. Elbrus Əlizadə,
coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmləri doktoru Zakir Eminov müəllifi olduqları "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə elm sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşlər.
Prezident İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda təltif olunanlara Dövlət mükafatlarını təqdim edib.
Çoxillik zəhmətin bəhrəsi olan və Azərbaycan coğrafiya elmində analoqu olmayan "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyası Azərbaycan coğrafiya elminin ən dəyərli nailiyyətlərindən biridir.
Trilogiyanın çoxsaylı xəritə, qrafik və sxemlərlə müşayiət olunan, “Azərbaycan Respublikasının fiziki coğrafiyası” adlanan I cildində ölkəmizin coğrafi mövqeyi, oroqrafiyası, öyrənilmə tarixi, geoloji quruluşu, faydalı qazıntıları, paleocoğrafiyası, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri son elmi-nəzəri və metodiki baxışlar əsasında təhlil və tədqiq edilir.
“Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” adlanan II cild ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemlərinin tədqiqinə, onların yaranması səbəbləri və aradan qaldırılması istiqamətində təkliflər və tövsiyələrin işlənib hazırlanmasına həsr edilib.
Kitabın “Azərbaycan Respublikasının regional coğrafiyası” adlanan III cildində Azərbaycan Respublikası regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılır. Eyni zamanda, regionların inkişafı haqqında Dövlət Proqramlarından irəli gələn iqtisadi-coğrafi məsələlərin həlli və həmin proqramların həyata keçirilməsi, respublikanın dayanıqlı iqtisadi inkişafının, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən və görülməsi vacib olan məsələlər tədqiq edilir. Həmçinin respublika rayonlarının iqtisadi potensialı təhlil edilir, onlarda gələcəkdə inkişaf etdirilməsi daha məqsədəuyğun olan təsərrüfat sahələri göstərilir və perspektiv inkişaf istiqamətləri proqnozlaşdırılır.
Təqdimetmə mərasimində çıxış edən akademik Ramiz Məmmədov coğrafiyaçı alimlərin əməyini Dövlət mükafatı ilə qiymətləndirdiyinə görə ölkə Prezidenti İlham Əliyevə laureatlar adından təşəkkürünü bildirib və dövlət başçısının Azərbaycanda elmin, təhsilin inkişafı üçün hər cür şərait yaratdığını, özünün dediyi kimi, Azərbaycanda intellektin intellektual olması üçün münbit şəraitin olduğunu xüsusi qeyd edib. O həmçinin Ulu Öndərin gənclərin qabaqcıl ölkələrdə təhsil almalarına önəm verdiyindən, özünün də vaxtı ilə onun tərəfindən Moskvaya aspiranturaya göndərilməsindən danışmış, mərhum akademik Həsən Əliyevin BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Xəzər dənizində dünyada ilk dəfə açıq dənizdə observatoriya yaratdığını və onu oraya işə dəvət etdiyini xoş xatirə kimi yada salmış və aldıqları Dövlət mükafatını bir avans kimi qəbul etdiyini bildirmişdir.