Coğrafiya İnstitutunun əməkdaşı qrantın qalibi olub Avg 27, 2021 | 12:08 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  əməkdaşı, elmi işçi Emil Cəbrayılov  "Dağlıq Bölgələrin Davamlı İnkişafı üçün Qafqaz Şəbəkəsi" layihəsi və "Cənubi Qafqazda İqlimə Uyğunlaşma Potensialının Gücləndirilməsi" proqramı çərçivəsində Cenevrə Universiteti tərəfindən maliyyələşdirilən qrantın qalibi olmuşdur.

Tədqiqatın məqsədi  Landsat, Sentinel və SPOT peyk məlumatlarından istifadə etməklə meşələrin vəziyyətini öyrənmək, yayılmış ağac növlərini təsnif etmək, tədqiq edilən ərazilərin inventar xəritələrini uyğun metodologiya və alqoritmlərlə müqayisəli qiymətləndirilməsini aparmaqdır.

E.Cəbrayılov layihənin digər iştirakçıları olan Almaniyanın Aachen Universitetinin  professoru M.Leuchner və Tbilisi Dövlət Universitetinin elmi işçisi,  Dr. M.Tsitsagi ilə birlikdə Cənubi Qafqazda, xüsusən Azərbaycan və Gürcüstan ərazisində yayılmış meşələri müxtəlif peyk məlumatları əsasında  tədqiq edəcək.

Layihənin icrası 2021-22-ci il mövsümünü əhatə edir. Nəticələr yüksək reytinqli jurnalda nəşr ediləcək.