“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) ilə birgə COP-29-a dair keçirdiyi təbliğat və maarifləndirilməsi işlərinin gücləndirilməsi məqsədilə silsilə tədbirləri davam edir.
“Qarabağda ekoloji vəziyyət” layihəsinin icrasının davamı kimi 21-25 oktyabr tarixlərində Naftalan şəhər məktəbi şagirdlərinin iştirakı ilə fləşmob, şəkil müsabiqəsi və ekoloji səyahət təşkil edilib.
200 nəfərdən çox müəllim və şagird heyətinin cəlb olunduğu tədbirlər ACC sədri, Cİ-nin şöbə müdiri dosent Mirnuh İsmayılov, aparıcı elmi işçi, dos. Səidə Zeynalova, böyük elmi işçi c.ü.f.d. Gülnar Hacıyeva və elmi işçi Emil Cəbrayılov tərəfindən həyata keçirilib.
İlk olaraq Azərbaycanda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının fləşmobu həyata keçirilib. Şagirdlər bir neçə gün keçirilən məşqdən sonra böyük ruh yüksəkliyi ilə fləşmobda iştirak ediblər.
Növbəti gün “Təbii mühiti qoruyaq” devizi altında şəhərətrafi əraziyə ekotur təşkil edilib. Ətraf mühitin qorunması məqsədilə keçirilən tədbirdə 35-dən çox müəllim və şagird iştirak edib. Şagirdlərə rezin əlcək və tullantılar üçün torbalar paylanıb, ərazi ətrafdakı tullantılardan təmizlənib. Təlimçilərin köməkliyi ilə məktəblilər tökülmüş yarpaqlardan herbari və ekibano düzəldiblər. Səyahət zamanı təlimçilər iştirakçıları ətraf mühitin elementləri haqqında məlumatlandırıblar, son zamanlar Naftalan şəhərində şam ağaclarının qurumasının səbəblərini izah ediblər.
Tədbirlərin sonuncu mərhələsində “Yaşıl dünya naminə həmrəylik ili” və “Qarabağın ekoloji problemləri” mövzusunda şəkil müsabiqəsi və şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Uşaqlar çəıkdikləri rəsmləri şərh ediblər. Qalib olan 15 şagird sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Rəsm müsabiqəsinin sonunda məktəbli iştirakçılar özlərinin düzəltdikləri COP29-un simvolunu bildirən maketi nümayiş etdiriblər.
Layihə rəhbəri tədbirin sonunda Məktəblilərin ümumi dünyagörüşü və eləcə də ətraf mühitə dair biliklərinin artırılması istiqamətində keçirilən tədbirdə gənclərin iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayaraq, iştirakçıların hər birinə dərin təşəkkürünü bildirib.
Tədbirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirilməsi hesabına həyata keçirilib.