Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Anım Gününə həsr edilmiş “Vətən bağı al-əlvandır, var içində xarı bülbül” adlı yığıncaq keçirilib.
İclas iştirakçıları Qarabağ şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra mövzuya uyğun nümayiş etdirilən qısametrajlı filmi izləyiblər.
Anım Gününün əhəmiyyəti haqqında çıxış edən İnstitutun baş direktoru v.i.e. coğrafiya üzrə fəlsəfə doktor dosent Zaur İmrani xatırladıb ki, bugünkü yığıncaq Coğrafiya İnstitutunun Anım günü münasibətilə təşkil etdiyi üçüncü tədbirdir. O bildirib ki, 27 sentyabr hər birimizin yaddaşına yalnız bir tarix kimi deyil, həm də böyük Vətən sevgisinin, xalqımızın şəhidlik mərtəbəsinin, qəhrəmanlığının rəmzi kimi həkk olunub. Bu gün biz şəhidlərimizi təkcə yaddaşımızda deyil, həm də gündəlik işimizdə, gələcəyə baxışımızda yaşadırıq. Xalq öz qəhrəmanlarını unutmadıqca güclü olur. Onların həyatı, fədakarlığı və vətənə bağlılığı gələcək nəsillər üçün bir örnəkdir.
İnstitut rəhbəri onu da diqqətə çatdırıb ki, 30 ildən artıq işğal altında qalmış torpaqlarımıza gedə bilməyən alimlərimiz indi artıq mütəmadi olaraq həmin ərazilərə səfər edərək araşdırmalar aparır, monitorinqlər keçirir, tədqiqat işlərini genişləndirirlər.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov “Keçmişdən gələcəyə: tarixə baxış” mövzusunda məruzə ilə çıxış edib”, xalqımızın keçdiyi çətin və şərəfli yollardan, yaddaşımızda iz buraxan hadisələrdən söz açıb, gələcək nəsillər üçün bu təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İnstitut əməkdaşları – şöbə müdiri c.ü.f.d. Habil Haqverdiyev və Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı da çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.