06 oktyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi akademik H. Əliyev adına Coğrafiya İnstitutu və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Layiqli əmək: sosial tərəfdaşlıq və elmi əməkdaşlıq” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının sədri Kamran Ramazanlı iştirakçıları salamlayaraq, Ümumdünya Layiqli Əmək Gününün məqsəd və əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, bu günün qeyd olunması əmək münasibətlərində ədalət, bərabərlik və sosial tərəfdaşlığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi f-r.ü.f.d. Kamal Hüseynov elm sahəsində əmək mədəniyyətinin və sosial tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, Rəsədxanada aparılan elmi fəaliyyət yalnız yüksək ixtisaslı mütəxəssislərin fədakar əməyi və qarşılıqlı əməkdaşlıq mühiti sayəsində mümkün olur.
Sonra Coğrafiya İnstitutunun baş meneceri Həmdulla Əliyev “Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti və məqsədləri” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, bu günün əsas məqsədi əmək münasibətlərində ədalət, sosial müdafiə, bərabərlik və insan ləyaqətinə hörmət prinsiplərini təşviq etməkdir. O vurğulayıb ki, layiqli əmək konsepsiyası təkcə iqtisadi deyil, həm də sosial və mənəvi dəyərləri əks etdirir və cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir. Baş menecer həmçinin ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən, sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsindən və elm sahəsində əməyin stimullaşdırılmasına yönələn addımlardan danışıb.
Şamaxı Astrofizika Rəsədxanasının Həmkarlar İttifaqı Təşkilatının sədr müavini Orxan Salehli “Dayanıqlı inkişaf naminə gənc alimlər üçün elmi-işgüzar mühitin əhəmiyyəti” mövzusunda çıxış edərək gənc tədqiqatçılar üçün yaradılan şərait, onların elmi təşəbbüslərinə dəstək və əmək fəaliyyətində sosial təminat dayanıqlı inkişafın əsas göstəricilərindən olduğunu diqqətə çatdırıb. O həmçinin gənc alimlərin beynəlxalq əməkdaşlıqlara cəlb edilməsinin, birgə layihələrdə iştirakının və elmi innovasiyaların təşviqinin ölkənin elmi potensialının güclənməsinə mühüm töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, elmi fəaliyyətin səmərəliliyi yalnız maddi-texniki baza ilə deyil, həm də sağlam və motivasiyaedici iş mühiti ilə sıx bağlıdır.
Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı əmək münasibətlərinin elmi və sosial aspektləri, həmçinin elmi əməkdaşlığın gələcək perspektivləri barədə təkliflər irəli sürülüb.