Beynəlxalq Coğrafiya Olimpiadasına (IGeO) hazırlıq çərçivəsində həyata keçirilən ixtisaslaşmış dərslər ölkəmizdə coğrafiya sahəsində istedadlı şagirdlərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Hazırlıq prosesi AR ETN Coğrafiya İnstitutunun dəstəyi ilə təşkil olunur.
Layihə müddətində coğrafiya üzrə mütəxəssislərin cəlb olunması planına uyğun olaraq, bu dəfə Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər laboratoriyasının elmi işçiləri – böyük elmi işçi Samirə Abuşova və elmi işçi Şəhla İsmayılova şagirdlərlə görüşərək öz sahələri üzrə olimpiadada xüsusi diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat veriblər.
Hazırlıq dərslərində dövlət və özəl məktəblərin 7–11-ci siniflərində təhsil alan, 12 yaşdan yuxarı, Azərbaycan, rus və ingilis bölmələrindən olan şagirdlər iştirak edirlər. Dərslər beynəlxalq coğrafiya proqramına uyğun olaraq əsasən ingilis dilində aparılır, zərurət olduqda isə Azərbaycan və rus dillərində əlavə izahlar verilir. Şagirdlər dərslərə həm ARTİ Olimpiada Mərkəzində əyani formada, həm də regionlardan onlayn şəkildə qoşularaq iştirak edirlər.
Hazırlıq prosesi beynəlxalq coğrafiya kurikulumu əsasında, olimpiada yönümlü metodologiya ilə təşkil olunur. Layihənin əsas məqsədi ölkə üzrə coğrafiya fənni üzrə istedadlı şagirdləri bir araya gətirmək, onların nəzəri bilik və praktik bacarıqlarını inkişaf etdirmək, perspektivli iştirakçıları müəyyənləşdirmək və beynəlxalq coğrafiya olimpiadalarına sistemli hazırlıq təmin etməkdir.
Növbəti Avropa Coğrafiya Olimpiadasının Bolqarıstanda, International Geography Olympiad-nın isə Türkiyədə keçirilməsi nəzərdə tutulur. Ölkəmizi təmsil edəcək komandaların hər biri üçün həm yuxarı yaş qrupu (16–19 yaş), həm də aşağı yaş qrupu (12–15 yaş) üzrə 4 nəfərdən ibarət heyətin formalaşdırılması planlaşdırılır.
Qeyd edək ki, International Geography Olympiad International Geographical Union (IGU) himayəsi altında 1996-cı ildən etibarən təşkil olunur. Bu nüfuzlu olimpiadada dünyanın ən güclü 16–19 yaşlı şagirdləri iştirak edir və onların bilik səviyyələri beynəlxalq meyarlar əsasında qiymətləndirilir.
Beynəlxalq fənn olimpiadalarının iştirakçı və qalibləri gələcək təhsil mərhələlərində mühüm üstünlüklər əldə edirlər. Dünyanın aparıcı ali təhsil müəssisələri reytinqlərini qorumaq və yüksəltmək məqsədilə olimpiada iştirakçı və qaliblərini tam təqaüd və ya qrant əsasında qəbul etməyə xüsusi maraq göstərirlər. İndiyədək bir çox məzunlarımız bu imkanlardan yararlanaraq nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Layihənin rəhbəri Bakı şəhəri, Nəsimi rayonu, 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yaşar Seyidəliyevdir. Hazırlıq dərsləri şagirdlər üçün ödənişsiz əsaslarla təşkil olunur və layihə müddətində hər şənbə günü ARTİ Olimpiada Mərkəzində keçirilir.