Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda Elmi Şuranın  iclası keçirilib Fev 20, 2026 | 11:02 / ELMİ İCLASLAR

      18 fevral tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin sədrliyi ilə təşkil olunub.

İclasda gündəlikdəki məsələlər barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verilib. 

       AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov özünün yeni monoqrafiyası “Azərbaycan Respublikası iqtisadi rayonlarının torpaqları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra rəyçilər çıxış edərək monoqrafiyanın elmi tərəflərini təhlil ediblər, mövzu ilə bağlı öz qiymətləndirmələrini təqdim ediblər. Həmçinin alim müzakirələrdə iştirak edən Elmi Şura üzvlərinin   suallarını cavablandırıb. Nəticədə Elmi Şura monoqrafiyanın elmi əhəmiyyətini təsdiqləyərək onun çapa təqdim olunmasını dəstəkləyib.

     Daha sonra “Geomorfologiya və paleocoğrafiya” laboratoriyasının elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Daşkəsən rayonunun geoloji təbiət abidələri və onların turizm potensialı” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Daşkəsən rayonunun geoloji quruluşu, ərazidə mövcud olan təbiət abidələri və onların turizm baxımından potensialı detallı şəkildə təhlil olunub. Şura üzvləri təqdim olunan məlumatları maraqla dinləyərək, suallarla çıxış ediblər.

       İclasda həmçinin Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri c.ü.f.d Elnur Səfərov “Strengthening Environmental Governance and International Cooperation for the Protection of the Caspian Sea” mövzusunda layihə təqdimatı edib. Elnur Səfərov layihənin IDEA Public Union ilə birgə həyata keçirildiyini, Xəzər dənizinin mühafizəsi istiqamətində ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəflədiyini qeyd edib. Məruzə Elmi Şuranın üzvləri tərəfindən diqqətlə dinlənilib.

     Qeyd edək ki, Elnur Səfərov BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrdə də iştirak edib.