Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq platformalarda təmsil olunması davam edir Apr 13, 2026 | 03:04 / KONFRANSLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun əməkdaşları 10 aprel tarixində Manaş Kozybayev adına Şimali Qazaxıstan Universiteti tərəfindən təşkil olunmuş onlayn beynəlxalq konfransda uğurla iştirak etmişlər.

Konfransda Coğrafiya İnstitutunun direktor v.i.e., coğrafiya elmləri doktoru Zaur İmrani ilə yanaşı, c.ü.f.d. Rühəngiz Heydərova, doktorantlar Gülər Hidayətli və Güllü Əsgərli iştirak etmişlər.

Tədbir çərçivəsində Gülər Hidayətli “Azərbaycanda idman və sağlamlıq turizminin inkişaf tarixi və coğrafi xüsusiyyətləri”, Güllü Əsgərli və Rühəngiz Heydərova isə “Turizm-rekreasiya sistemlərinə rasional və emprik-nəzəri yanaşma” adlı birgə məruzələrini təqdim etmişlər.

Təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Məruzələr həm elmi yeniliyi, həm də praktik əhəmiyyəti ilə seçilmişdir. Sonda  nümayəndələr sertifikatlarla təltif olunmuşlar.

Qeyd edək ki, bu cür beynəlxalq tədbirlərdə iştirak Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişlənməsinə, elmi təcrübə mübadiləsinin güclənməsinə və gənc tədqiqatçıların inkişafına mühüm töhfə verir.