AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən elmi seminarında c.ü.f.d. Mahirə Abbasova “Naxçıvan Muxtar Respublikası toponimlərinin tədqiqi” mövzusunda hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan ərazisinin toponimiyası çox qədim tarixi köklərə malik olub, uzun bir tarixi dövr ərazisində formalaşmışdır. Əsas toponimik fon Azərbaycan (türk) mənşəlidir, yaranma və formalaşma yollarına görə ümumtürk toponimlər sisteminə əsaslanır. Naxçıvan toponimiyasında fiziki-coğrafi obyekt adları (oronimlər və hidronimlər) relyefin geostruktur ünsürləri ilə şərtlənir və dominant funksiya daşıyır.
Toponomist alim antik müəlliflərə, tarixi qaynaqlara istinadən Naxçıvan-Naxər ölkəsinin toponimik sistemində apardığı etioloji, etimoloji təhlillər nəticəsində xeyli yeni elmi faktlar ortaya çıxarmışdır.
Dörd minə yaxın yer adı toplayan tədqiqatçı region üzrə toponimlərin dil mənsubiyyətini, mənşəyini, nominasiyasını, toponimlərdə qorunub saxlanılan tayfa, nəsil, şəxs, bitki, heyvan adlarını, toponimik fonu, spektrləri, yerli xalq coğrafi terminləri, passiv fonda keçmiş toponimləri, arxaiq sozləri müəyyənləşdirmiş və hər bir inzibati rayonun toponimik lüğətini tərtib etmişdir. Eyni zamanda region oykonimiyasının etioloji təsnifatına aid passiv fonda keçmiş oykonimlər haqqında ilk dəfə olaraq toponimik xəritə tərtib etmişdir.