Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Elnarə İsmayılova “Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun turizm potensialı” mövzusunda məruzə edib.
Məruzəçi tədqiqat işində dövlət tərəfindən turizmin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarını əsas tutaraq Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda turizmin inkişaf istiqamətləri, iqlim şəraiti, ərazinin mədəni və turizm ehtiyatları, turizm ehtiyatlarının müasir vəziyyəti, tarixi-mədəni ehtiyatların turizmdə istifadə imkanlarını və s. araşdıraraq, xəritə, sxem, diaqramlar şəklində təsnifatını verib.
Tədqiqatçı inzibati ərazi vahidləri üzrə müxtəlif turizm növlərinin təsnifatını apararaq rekreasiya ehtiyatlarını ekoturizm, müalicə-sağlamlıq, macəra, kənd və qış turizmi, spelioturizm kimi növlərə ayırıb, belə qənaətə gəlib ki, ərazidə ekoturizm, müalicə-sağlamlıq turizmi, qış turizm imkanları, macəra turizminə aid edilən haykinq və trekkinqlərin, spelioturizm və s. kimi turizm növlərinin inkişafı zəruridir.
Regionun iqlim şəraitini araşdıran E.İsmayılova Göranboy, Şəmkir, Tovuz, Ağstafa və Qazaxda, Naftalan və Samuxda, Gəncə və Göygöldə, Daşkəsən və Gədəbəydə hava temperaturunun 0oC-dən aşağı olan günlərinin sayı 10-150 gün interval olmaqla iqlim göstəricilərinin təsnifatını verib. İyul ayı üçün temperaturların dağətəyi və düzənlik yarımrayonunda 24-250C, alçaqdağlıq yarımrayonunda 18-200C, dağlıq yarımrayonunda isə 10-190C arası olduğunu təyin edib. hava şəraitinə gore Göygöl ve Hacıkənddə yeni istirahət ve mualicə sağlamlıq turizminin inkisafi mümkündür.
Tədqiqatda rayonların meşə massivi, təbiət abidələri, mineral suları, Naftalan nefti, dünya, ölkə və yerli əhəmiyyətli mədəni ehtiyatları, festival və bayramları, nəqliyyat infrastrukturu, mehmanxana və mehmanxana tipli müəssisələr, onların nömrə fondu, birdəfəlik tutumu, turizm agentlikləri və s. nəzərə alınmaqla turizm infrastrukturunun qiymətləndirilməsi aparılıb. İnkişaf tempinə görə qabaqcıl rayonlar nəticə olaraq qeyd edilib, turizm ehtiyatları cəhətdən geridə qalan və zəif inkişaf etmiş rayonlar da diqqətə çatdırılıb.